Moldovada 28 sentyabr parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Maya Sandunun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyası (PDS) səs çoxluğu ilə önə çıxır.
Mərkəzi Seçki Komissiyasının protokollarının 99,52%-i hesablandıqdan sonra məlum olub ki, PDS parlamentdə çoxluğu qoruya biləcək səslərə malikdir. Seçkilərdə 1 milyon 596 min 530 seçici iştirak edib ki, bu da ölkədə seçicilərin təxminən 52%-inə bərabərdir.
Seçkilərin ilkin nəticələrinə görə, PDS səslərin 50,03%-ni əldə edib. Onu Vətənpərvər blok 24,26%, Alternativ partiyalar bloku 7,99%, Bizim Partiya 6,21% və Evdə Demokratiya Partiyası 5,63% səslə izləyir.
Moldovanın müxtəlif regionlarında nəticələr fərqli olub. PDS ölkə ərazisində 44,13% səslə üstünlük qazansa da, müxalifət partiyaları ümumilikdə 49,54% səs toplayıblar. Burada Vətənpərvər blok 28,25%, Alternativ partiyalar bloku 9,22%, Bizim Partiya 6,35% və Evdə Demokratiya Partiyası 5,72% səs alıb.
Seçki prosesi səhər saat 7:00-də başlayıb və ölkədə 1 900-dən çox seçki məntəqəsi fəaliyyət göstərib. 101 deputatın dörd il müddətinə seçiləcəyi parlament seçkisində 22 siyasi subyekt – 15 partiya, üç blok və dörd müstəqil namizəd iştirak edib.
Rəy sorğularına əsasən, Maya Sandunun PDS-i favorit sayılır, ən yaxın rəqibi isə sabiq prezident İqor Dodonun rəhbərlik etdiyi Vətənpərvər bloku olub.