Türkiyə səfiri Ukrayna XİN-ə çağırıldı
Ukrayna XİN oğurlanmış Ukrayna taxılını daşıyan Rusiyanın “Jibek Jolı” gəmisinin Türkiyənin Karasu limanından buraxılmasından məyus olduğunu bəyan edib.
Vəziyyətlə əlaqədar Türkiyənin Kiyevdəki səfiri Ukrayna XİNnə çağırılıb.
Bu barədə Ukrayna XİN “Facebook”da məlumat yayıb:
“Ukraynanın XİN və beynəlxalq tərəfdaşları Rusiya Federasiyasının Ukrayna ərazisindən taxılın oğurlanması və digər ölkələrə ixracı ilə bağlı cinayət əməllərini qınayır. Xüsusilə, işğal altındakı Berdyanskdan oğurlanmış taxılları Türkiyənin Karasu limanına daşımağa çalışan Rusiyanın “Jibek Jolı” gəmisi səbir kasasını daşdıran son damla oldu”.
XİN xatırladıb ki, Ukraynanın müvafiq orqanlarının müdaxiləsi nəticəsində bu gəmi oğurlanmış taxılı boşalda bilməyib və saxlanılıb. Gəminin və yükün həbsi üçün Türkiyəyə sorğu göndərilib. Lakin Ukrayna tərəfinin müraciətinə məhəl qoymayaraq, gəmi iyulun 6-da axşam buraxılıb.
Ukrayna tərəfi Türkiyəyə bu vəziyyətin təcili araşdırılmasını və Ukraynanın müvafiq orqanlarının müraciətlərinə hərtərəfli cavab verilməsini, habelə, gələcəkdə bu cür halların bütün vasitələrlə qarşısının alınmasını xahiş edib.
Xatırladaq ki, Berdyanskdan olan “Jibek Jolı” quru yük gəmisi Türkiyənin Karasu limanına daxil olub. Ukrayna yükünün oğurluq olması ehtimalına görə gəminin saxlanılması və həbs edilməsi tələbi ilə Türkiyəyə müraciət edib.