Nur-Sultan polisi məhəllədaxili reydlərə başlayıb
Nur-Sultanın polis əməkdaşları həyət və mənzillər üzrə reydlər həyata keçirir. Bunu paytaxt komendantı Yerjan Sadenov bildirib.
Onun sözlərinə görə, şəhər tam operativ nəzarətdədir, keçid məntəqələri fəaliyyətini davam etdirir.
“İctimai asayişi pozan şəxslərin müəyyən edilməsi məqsədilə “Asayiş” əməliyyat-profilaktiki tədbiri aparılır. Eyni zamanda həyət və mənzillərə baxış keçirilir. Sakinlərdən anlayışla yanaşmalarını, köməklik göstərmələrini xahiş edirəm. Şübhəli şəxslərlə bağlı faktları bilirsinizsə, xəbər verin”, – deyə Sadenov bəyan edib.
Qeyd edək ki, Qazaxıstanda vəziyyət yanvarın 2-də Janaozendə (ölkənin qərbində, Manqistau vilayəti şəhəri) maye qazın qiymətlərinin kəskin artmasına qarşı mitinqlərin başlanmasıyala gərginləşib. Dinc nümayişlər iqtisadi və siyasi tələblərlə ölkə boyu kütləvi etirazlara çevrilib.
Mənbə: “İnterfaks”