“Nardaran Qalası”, “Xan Sarayı”, xanın xəzinəsi… – Sirlərlə dolu Nardarandan FOTOREPORTAJ
Paytaxt Bakının kəndləri bir-birindən gözəl tarixi özündə gizlədərək, bu günlərə qədər gətirib çıxarıb. Torpaq altında qalan əsrlərə şahid olan hamamlar, ibadət evləri, şahlara, xanlara məskən olan saraylar, müdafiə qalaları və s.
Bu dəfə yolumuz Bakının məşhur, özünəməxsusluğu ilə seçilən Nardaran kəndinədir. Kəndə bir neçə istiqamətdən giriş var. Əsas yoldan kəndə daxil olar-olmaz müşahidələrimiz başlayır. Ətrafda sakitlik, sükunət hökm sürür. Təmirdən çıxmış avtomobil yolları və səkilərin təmizliyi diqqət çəkirdi.
Bir qədər irəliləyib kəndin mərkəzinə gəlib çatırıq. Azərbaycanın bütün bölgələrində tarixi hamamlara rast gəlmək mümkündür. Belə hamamlardan biri də yeddi əsrin şahidi olan Nardaranın qədim “Xan hamamı”dır. Hamamın qapısının bağlı olduğunu görüb yolumuza davam edirik. 1388-ci ildə inşa edilən bu hamama kənd sakinləri “Qum hamamı” da deyirlər.
Düşünürdüm ki, qarşımıza kənd sakinlərindən kim çıxsa, yolumuza da elə onunla davam edək.
Nardaran əvvəlki Nardaran deyil.
Birdən kənardan yaşlı bir dayı “deyəsən kəndimizə qonaq gəlmisiniz” deyərək diqqəti öz üzərinə çəkir. Kənd yolunda qarşımıza çıxan ağsaqqal bizi tanımadığı kimi, biz də onu tanımadıq. Amma sən demə biz bu dayını göydə axtarıb, yerdə tapmışıq, hələ xəbərimiz yoxdur.
“Salam, əleyküməssalam”, “nə var, nə yox?” edib keçirik mətləbə. Dayıya kəndin tarixi, burada olan abidələri işıqlandırmaq üçün gəldiyimizi deyəndən sonra söhbətləşməyə razılıq verir.
Əvvəlcə onu deyim ki, dayının adı Seyfullah, soyadı Əlizadədir. Amma Nardaranda hər kəs onu Hacı Ədalət kimi tanıyır. Kəndə gəlib, Seyfullah dayını axtarıram desəniz, onu bu adla heç kim tanımayacaq.
Hacı Ədalət dayı ilə bir qədər də kəndin enişli-yoxuşlu yollarında irəliləyib, gəldik tarixi Nardaran qalasının yanına. O deyir ki, bu qala 660-cı ildə tikilib:
“Nardaranda bir neçə abidə var ki, 660-cı ildə Şirvanşahların dövründə tikilib. Ardıcıllığına qalsa, Nardaranda birinci Xan Sarayı tikilib. Nardaran qalası müdafiə məqsədilə istifadə olunub. Mahmud bin Səədin memarı olduğu qalanın salamat qalmış hissəsinin hündürlüyü 12 metrdir, divarların hündürlüyü isə müxtəlifdir. Divarlarının qalınlığı 1,56–1,85 metrə qədərdir. Qalanın qapısının sağında, birinci kitabədən bir az yuxarı, “Əməli Mahmud bin Səəd” yazılıb. Böyük ehtimalla bu, tikilinin memarının adı olduğu üçün elə də qəbul edilib.
Biz bu qalanı kənd camaatının gücü ilə özümüz qoruyub-saxlamışıq. Gücümüz çatan qədər edə bilmişik. Orada qazılmış bulaq var idi ki, tarixən həmin bulağın suyunun “Xan Sarayı”na getdiyi deyilirdi. Həm də hamama gedən suyun da mənbəyi bura olub. İstəyərdik ki, bir az daha diqqət ayrılsın bu tarixi abidələrə. Nardarandakı abidələri eşidən turistlər, paytaxtın qonaqları bura çox gəlirlər”.
Qeyd edək ki, “Nardaran Qalası” tarixi abidə kimi “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.
Bizim mədəniyyət nümunələri digər ölkələrə də zamanında nümunə olub. Hacı Ədalət deyir ki, o dövrdə Rusiyadan qayıdan zaman Rusiya vətəndaşı ilə kiçik bir mübahisəli dialoq da yaşanıb:
“Rus dedi ki, mənə sübut edə bilərsiniz, mədəniyyət əvvəl sizdə formalaşıb, yoxsa bizdə? Yanımda başqa insanlar da var idi. Hər biri bir söz dedi, fərqli fikirlər səsləndirdilər. Amma heç biri ilə razılaşmadı. Mən də yaxınlaşdım gördüm müzakirə böyüyür, dedim öz fikrimi deyim. Ona dedim ki, sizin mədəniyyətiniz birinci Pyotrdan başlayır, o da çəlləkdə çimirdi. Amma bizim elə tarixi hamamlarımız var ki, yaşı sizin Pyotrun atasından da böyükdür. Mədəniyyət budur. O da mənimlə razılaşdı, görüşdük, söhbəti də şirin-şirin bağladıq getdi. İndi həmin hamamların çoxu baxımsızlıq ucbatından uçub, uçuq-sökük 3 hamam qalıb. Hətta o hamamların işlədiyi zamanlar da yadıma gəlir. Neftlə yandırırdılar, amma qəşəng qızırdı. O hamamlardan birini Həsən kişi işlədərdi, “Həciəbdin” hamamı. O da 1953-cü ilə qədər fəaliyyət göstərib. Digər hamamlar isə məhəllə hamamları adlanırdı”.
“Xan Sarayı”nın gizli yolları, ya da xanın xəzinəsinə aparan yol…
Şirvan-Abşeron memarlıq məktəbinin nümunələrindən hesab olunan tarixi abidələrdən biri də “Xan Sarayı”dır. Yerli əhalinin “Xan bağı” adlandırdığı bu tikilinin XV əsrin əvvəllərində inşa olunduğu iddia olunur. Nardaran bağlarının içərisində yerləşən abidə ən əsas memarlıq nümunələrindən biridir.
Hacı Ədalət dayı deyir ki, “Xan Sarayı”nın içindən gizli yollar keçir, biz özümüz də o yolları öyrənməyə cəhd etmişik:
“Monumental tikilinin memarlıq quruluşu kvadrat əsaslı olmaqla, tərəflərinin ölçüləri 14 m-ə bərabərdir. Binanın mərkəzində isə böyük hovuz var. Tarix abidənin pəncərələri Bakı-Abşeron memarlıq üslubuna xas olan xüsusi ornamentlərlə bəzədilib. Bu binanı şirvanşah I İbrahim Xəlilullah tikdirib. Xan Sarayının yeraltı gizli tunelləri var idi. Həmin gizli yollar barədə o vaxt atalarımız danışardı. Mən 1938-ci ildə anadan olmuşam. Cavan vaxtlarımda, təxminən 1951-ci ildə 3 nəfər həmyaşıd dostlarla Xan Sarayından həmin gizli yola düşdük. Əlimizdə fənər, əynimizdə gödəkçə. Yaz vaxtı idi, amma tunel çox soyuq idi. Cavanlıqdı da, dedik gedək görək, bəlkə tuneldə xanın mirası var (gülür). 50-60 metr getdik, havanın isti olmasına baxmayaraq tuneldə soyuqdan donurduq. Gördük daha gedə bilmirik, geri qayıtdıq. Heç bilmədik ki, xanın mirası ordaydı yoxsa yox. Bu yollardan biri köhnə Bilgəh qalasına, oradan Nardaran Pirinə, oradan Əmircan qalasına və nəhayət İçərişəhərə aparır.
Uzun zaman sonra hamamın içərisindən gedən gizli yol hörülüb. Bu sarayın yaşı bəlkə də daha çox olar. Amma indi qoyulan tarix ilə də arxivlənib. Bu sarayın qoz ağacından düzəldilmiş, geniş qapı pəncərələri var idi. Bir neçə dəfə yandırıldı, məhv oldu. Sarayın həyətində iri gövdəli çinar ağacı var idi. Yalan olmasın, gövdəsinin diametri 4 metr olardı. O ağacın budağı ilə sarayın damına çıxardıq. Ətrafında yaşayış yerləri də olub. Lap qədimdən bu ərazilər bizim babalarımızın olub”.
Nardaran Piri və ya Həci Rəhimə xanım ziyarətgahı…
Maraqlı məqamlardan biri odur ki, 1994-cü ildə avqustun 10-da Peyğəmbərin mövludu günü tikintisinə başlanılan Nardaran Pirinin tikintisinə məhz həmsöhbətimiz Hacı Ədalət rəhbərlik edib. Bu Pir yeddinci İmam Museyi Kazımın qızı, Səkkizinci imam Rzanın bacısı Rəhimə xanımın adınadır.
Hacı Ədalət dayı deyir ki, İmam Museyi Kazımın dörd övladı olub, üç qız bir oğlan. Bu pir də onun qızlarından birinin adını daşıyır:
“Biz Nardaran Pirini tikməyə başlayanda çox yerdən bizə maddi dəstək təklif olundu. Lakin biz qəbul etmədik. Onun arxasında iki Hüseyniyyə tikmişik hər biri 1500-2000 nəfər adam qəbul edə bilir. Karantinlə bağlı pir fəaliyyət göstərmir, lakin pandemiya bitdikdən sonra bəli, fəaliyyət göstərəcək. 55-60 nəfərlik işçi heyəti ilə biz bu Piri inşa etdik. Memarımız Nemət Əsədulla oğlu olub. İşçilərin hamısı yerli camaat olub. Tikinti zamanı o vəfat etdi, onun yarım qalan işini öz oğlu Ceyhun Nemətoğlu davam etdirdi. Kərbəlayi Hüseyn, Cəlil o vaxt bu Pirin tikintisində iştirak edənlərdəndir ki, bu gün də kəndimizdə yaşayırlar. Burada Azərbaycanın köhnə memarlıq ornamentlərindən istifadə edilib.
O zaman Teymurləng özü ilə Azərbaycandan Səmərqəndə memarlar, ustalar aparıb. Mən özüm Səmərqəndi gəzmişəm və abidələrin çoxunun üzərində həkk edilən memarların adını oxuyanda görürdüm ki, bəziləri azərbaycanlılardır”.
Hacı Ədalət xatırladır ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev bu Piri ziyarət edib:
“Biz də sonradan Piri genişləndirdik. Kənd camaatı birləşdi, hər kəs əlindən gələni etdi, biri maddi, biri mənəvi dəstək verdi və bu möhtəşəm tikili ərsəyə gəldi. Bu, bütün Azərbaycan xalqının əməyidir. Çünki, ziyarətə gələn insanlar nəzir qutusuna pul atırdılar, həmin vəsait toplandı və bu bina inşa edildi. Həmin vəsait hesabına kişilər üçün ayrı, qadınlar üçün ayrı Hüseyniyyələr inşa etmişik. Əzadarlıqda insanlar burada toplanır”.
Nardaran dəyişib
Nardaran artıq əvvəlki Nardaran deyil. Qəsəbənin bütün küçələrinə yeni işıq dirəkləri quraşdırılır, telekommunikasiya və elektrik xətləri yenilənir. Mənzillərə yeni elektrik və qaz sayğacları quraşdırılır. Nardaranda vətəndaşları narahat edən bütün sosial problemlərin həlli istiqamətində konkret işlər görülüb və bunu gözlə görmək mümkündür.
Xüsusilə Nardaran qəsəbəsində abadlıq və quruculuq işlərinin görülməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən qəsəbənin mərkəzi küçələrinin genişləndirilməsinə də start verilib.
Qeyd edək ki, Nardaranda sosial problemlərin aradan qaldırılması üçün prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb.
Xatırladaq ki, bu tarixi abidələrdən başqa qəsəbədə XIV əsrə aid edilən Nardaran qalası, 1681-ci ildə səfəvilər tərəfindən inşa olunmuş karvansara, qədim su ovdanları, Nardaran mayakı, tarixi məscidlər, türbələr və köhnə qəbiristanlıqlar da daxil olmaqla 20-dən çox tarixi abidə var.
Könül Cəfərli
FOTO: Firudin Səlimov