Eddi İsrafilov: “Müharibə zamanı neytral qalmamışam, Azərbaycana dəstək olmuşam” – FOTO
“Müharibə zamanı və ondan sonra Azərbaycanı sosial şəbəkələrdə dəstəkləmişəm. 3-4 yaşımadək Azərbaycanda yaşamışam. Bura mənim ana Vətənimdir. Azərbaycana hörmətlə yanaşıram”.
“BakuTime.com” – xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Eddi İsrafilov deyib.
Anası azərbaycanlı, atası Anqoladan olan, İspaniyada yaşayan Eddi müharibə vaxtı neytral qalmasına dair münasibətlərə aydınlıq gətirib:
“Vətən müharibəsi 27 sentyabrda başlayıb. Mən 29 sentyabrda paylaşım edərək, Azərbaycana dəstək vermişəm. Müharibə bitdikdən sonra isə “Qələbə günün mübarək, Azərbaycan”, “Qarabağ Azərbaycandır” paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, Qarabağ Azərbaycandır!”
İsrafilov anası İradə İsrafilovanın Vətən müharibəsi vaxtı verdiyi müsahibəni isə təkzib edib: “Bu günədək heç birinizə bu mövzu barədə danışmamışam. Anam barədə o məlumatı haradan götürmüsünüz? O videonu mənə göstərin. Yazılanlar birmənalı yalandır”.
O, azərbaycanca bilmədiyini, öyrənəcəyini bildirib:
“Azərbaycan dilini, demək olar ki, bilmirəm. Burada olduğum müddətdə əsas məqsədlərimdən biri bu dili öyrənmək və daha da mükəmməlləşdirməkdir. Anam 3-4 yaşıma kimi mənimlə rus dilində danışıb, ona görə bu dili bilirəm. Çox istifadə etmədiyim üçün rus dilini də yavaş-yavaş unuduram”.
Eddi millidə oynadığı zaman AFFA-dan çox pul tələb etməsi və bu səbəbdən yığmaya qoşulmaması ilə bağlı məlumatların da həqiqətə uyğun olmadığını əlavə edib:
“Jurnalistlər bizimlə meydana çıxmırlar. Bu barədə məlumat əldə etmək istəyirsinizsə, futbolçulardan, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdan və ya baş məşqçidən soruşa bilərsiniz. Belə bir şey olmayıb”.
29 yaşlı yarımmüdafiəçi Azərbaycana ailəsi ilə birlikdə gəldiyini vurğulayıb:
“Qızım yenicə dünyaya göz açıb. Bakıya ailəm, hətta balaca itim var, o da gəlib. Hamımız burada xoşbəxt yaşayacağıq”.
Qeyd edək ki, Eddi İsrafilov “Neftçi” ilə 2,5 illik müqavilə bağlayıb. Bu, “Neftçi”nin qış transfer pəncərəsi dönəmində “Keşlə”dən alınan Azər Salahlıdan sonra ikinci transferidir.