Bakıda göl qırağında yeni yol – FOTO/VİDEO
Yasamal rayonu ərazisində “Qanlı göl”ün qərb hissəsi boyunca Yasamal Yaşayış Kompleksinə qədər yeni avtomobil yolu inşa edilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında inşa olunan iki hərəkət zolaqlı yeni yolun uzunluğu 1 250 metr, eni isə doqquz metr təşkil edir.
Qeyd olunan yol üzrə torpaq işi həyata keçirilib, yeni yol yatağı inşa olunub, həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə zəruri yerlərdə yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.
Yeni yolun inşası Yasamal Yaşayış Kompleksinin yerləşdiyi əraziyə alternativ giriş-çıxış imkanı yaradır.