“Altılıq” formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
Sabah, dekabrın 10-da Rusiya paytaxtı Moskvada “3+3” formatında regional işbirliyi platformasının ilk toplantısı keçiriləcək. Görüşdə Azərbaycanı Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Bu barədə məlumatı “Sputnik Azərbaycan”a Azərbaycan XİN-in rəsmisi Leyla Abdullayeva verib.
Həmçinin Türkiyənin Xarici İşlər Nazirliyi də görüş haqda məlumat yayıb.
“2021-ci il dekabrın 10-da Moskvada Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün prezidentimiz və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək. Azərbaycan, Ermənistan, Rusiya, və İranın xarici işlər nazirlərinin müavinlərinin qatılacağı toplantıda ölkəmizi nazir müavini Sədat Önalın rəhbərliyi ilə heyətimiz təmsil edəcək”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.